SOCAR İstiqrazları ALIŞ
$1,000.00SOCAR İstiqrazları SATIŞ
$1,010.00USD / AZN
1.7000EUR / AZN
1.7609Brent Crude (ICE)
$72.54Natural Gas
$3.63SOCAR EUROBOND 2030
$103.2000Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 195 milyon ABŞ dollarını ötüb.
Bu barədə Oxu.Az-a “SOCAR Capital” şirkətindən məlumat verilib.
Bildirilib ki, SOCAR İstiqrazlarının buraxılması daxili kapital bazarlarında çox mühüm hadisə oldu və 100 illik ənənənin davamı olaraq “SOCAR Capital” şirkəti vasitəsilə 100 milyon dollarlıq həcmdə buraxdığımız istiqrazlara tələbat 200 milyon dolları ötüb. Əlavə edilib ki, istiqrazlar elə bir vaxtda buraxıldı ki, həmin dövrdə vətəndaşlarımızın bank sektoruna etimadı arzuolunan səviyyədə deyildi, eyni zamanda bazarda gəlirli və etibarlı maliyyə alətləri də yox idi. Bununla da beş illik müddətə buraxılan, illik beş faiz gəlir gətirən və faizləri hər üç aydan bir ödənilən SOCAR İstiqrazları bazardakı həmin boşluğu doldurdu.
Ötən ilin 17 oktyabr tarixində baş tutan sayca 16-cı faiz ödənişi nəticəsində istiqraz sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq kupon ödənişi edilib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 20 milyon dollara yüksəlib. SOCAR İstiqrazlarının tədavül müddətinin bitmə tarixi olan 2021-ci ildə bu məbləğ 25 milyon dollar təşkil edəcək.
İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.
SOCAR İstiqrazları üzrə indiyədək 2 min 300-dən çox əqd bağlanıb, REPO əməliyyatlarının həcmi isə 36 milyon dolları ötüb.
Azərbaycanın ən böyük şirkəti və vergiödəyicisi SOCAR-a məxsus olması, investorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirliliyi, likvidliyi, faiz ödənişlərinin rüblük qrafiklərə uyğun aparılması SOCAR İstiqrazlarının önə çıxan əsas xüsusiyyətlərindəndir.
İşin maliyyə tərəfindən başqa, ilk istiqrazların emissiyası nəticəsində ölkə vətəndaşları ilə SOCAR arasında güclü bir tərəfdaşlıq da yarandı və SOCAR İstiqrazları buraxıldığı gündən bəri vətəndaşlarımız üçün sabit gəlir mənbəyinə çevrildi.
SOCAR İstiqrazlarına investorların göstərdiyi böyük maraq və uzun zamandan bəri davam edən çoxsaylı müraciətləri nəzərə alaraq, 2021-ci ildə SOCAR tərəfindən yeni istiqrazların buraxılması planlaşdırılır.
Yeni istiqrazların satışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkün olacaq.
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq. İstiqrazların emissiya tarixi dəqiqləşdirildikdən sonra, ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon dollar təşkil edəcək və hər birinin nominal qiyməti 1000 (min) ABŞ dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faiz olacaq və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək. Yeni istiqrazlar üzrə də marketmeyker xidmətini “PSG-Kapital İnvestisiya Şirkəti” verməyə davam edəcək.