SOCAR İstiqrazlarının qiyməti artır

İstiqrazların təkrar bazarı üzrə market-meykeri “PSG Kapital” şirkətindən verilən məlumata görə hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010 dollara satmaq, 1013,50 dollara almaq olar. Qiymət artımının səbəbi əhalinin istiqrazlara tələbatının artmasıdır. Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarət edilib. Əlavə olaraq ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarınada start verilib.

REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit imkanı verir. İndiyədək qeyd olunan qiymətli kağızlarla 27 milyon dollardan çox kredit götürülüb.

Nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.