SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatların həcmi 150 milyon dolları keçib

SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatların həcmi 150 milyon dolları ötüb.

İstiqrazlara böyük maraq və alqı-satqının yüksək olması nəticəsində may ayında SOCAR istiqrazları ilə əməliyyatların həcmi növbəti rekord həddə çatıb.

SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliliyi və etibarlığına görə SOCAR istiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə, buraxılmasından 2 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi təkrar bazarda 150 milyon dolları ötüb.

Tələbatın belə böyük olmasının digər səbəbi istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Belə ki, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt nağd pula çevirmək mümkündür.

SOCAR istiqrazlarına aid öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirən mühüm bir faktordur. İndiyədək SOCAR istiqrazları üzrə 6 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 7,5 milyon dollar gəlir götürüblər. 2018-ci il üzrə növbəti faiz ödənişləri iyulun və oktyabrın 17-si tarixlərində həyata keçiriləcək.

Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliliyi 5 faiz və ya hər istiqraza görə 50 dollar təşkil edir. SOCAR istiqrazlarına tələbatın yüksək olması istiqrazların qiymətinin artmasına da səbəb olur.

Bir qədər əvvəl start verilən REPO əməliyyatları vasitəsilə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5 faiz) kredit götürməyə imkan verilib.

Hazırda təkrar bazarda tədavüldə olan SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən almaq mümkündür.