SOCAR istiqrazları ilə REPO əməliyyatı həyata keçirilib.

SOCAR istiqrazları ilə REPO əməliyyatı həyata keçirilib.

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatı həyata keçirilib.

İstiqrazların marketmeykeri “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə müntəzəm REPO əməliyyatlarına start veriləndən sonra həyata keçirilən ilk REPO əməliyyatıdır.

Bakı Fond Birjasında (BFB) həyata keçirilən REPO əməliyyatı nəticəsində SOCAR istiqrazının sahibi olan şəxs 1,5 milyon dollar vəsait cəlb edib. Vəsait 7 gün müddətinə, illik 3,5 faiz dərəcəsi ilə cəlb olunub.

Xatırladaq ki, SOCAR istiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə bilərlər.

Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR istiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75 faizlə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.

İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO “pəncərə”si açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dollar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub. Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və üç ayadək uzadıla bilər.

REPO əməliyyatlarında istənilən SOCAR istiqrazı sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95 faizi həcmində kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq.