İstiqraz sahibləri növbəti qazanclarını götürəcəklər

İstiqraz sahibləri növbəti qazanclarını götürəcəklər

Azərbaycanın ən populyar qiymətli kağızları sayılan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi tarixi açıqlanıb. «SOCAR Capital» şirkətinin məlumatına görə, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Ümumilikdə istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.

Qeyd edək ki, bu, SOCAR İstiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar. Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Bu hesabla istiqraz sahibləri ildə 5 milyon dollar qazanırlar. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar dollarla satıldığına görə, onlar üzrə bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında ən populyar, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətinə görə, artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.