Prezident İlham Əliyev: “Azərbaycan dünyada etibarlı neft-qaz tərəfdaşı kimi tanınır”

Prezident İlham Əliyev: “Azərbaycan dünyada etibarlı neft-qaz tərəfdaşı kimi tanınır”

Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017″ sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir: “Artıq ölkəmizdə 24-cü sərgi keçirilir. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır”.

İlham Əliyev vurğulayıb ki, sərgiyə maraq azalmır, əksinə, artır: “Burada qeyd olundu ki, 300-ə yaxın şirkət bu sərgidə iştirak edir. Tam əminəm ki, builki sərgi də uğurlu olacaqdır. Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtdırmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc, müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və ölkəmizin neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. 1-ci sərgi Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilib. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycanla 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft ölkəsidir, burada ilk neft 1846-cı ildə çıxarılıb: “Yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Bibiheybətdə ilk neft quyusu qazılıb. Bu il biz o ərazidə köhnə neft quyusunun abidəsini ucaltdıq. Keçən əsrin ortalarında isə Xəzərdə ilk dəfə dənizdə neft çıxarılıb. Dənizdə neft hasilatının da vətəni Azərbaycandır”.